CONTACT

Qoç və at fiquru

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ islam dövrü abidələri ilə zəngindir. Bu abidələrin bir qrupu, at və qoç təsvirli məzar daşlarının bu formada hazırlanması islamdan əvvəlki dini ayinlərə olan inamın saxlanılması baxımından insanların öz keçmişini yaşatdığını sübut edir. Saysız-hesabsız daş at və qoç fiqurlarının dini-mifoloji kökləri bizi qədim dövrlərə aparıb çıxarır. Qədim insanlar totemlər üçün müxtəlif əşyaları, heyvan və quşları pərəstiş qaynağı kimi seçirdilər. Qədim dövrlərdə Azərbaycanda dini inam və əqidələr mütəmadi olaraq bir-birilə əlaqəli olmuşdur. Zəif inam daha güclü inamların himayədarlığına sığınırdı. Totemizm əksər hallarda günəş inancının himayəsində olurdu. Məhz bu inamın nəticəsində keçi, qoyun və at totemləri günəş simvollarına çevrilmişdi. Dadlı ətinə, məişətdə müxtəlif məqsədlərdə istifadə olunan dərisinə, yununa görə müqəddəs hesab olunan qoç çox qədimlərdən ulu babalarımız üçün təkcə var-dövlət, bolluq rəmzi deyil, həm də igidlik simvolu sayılırdı. Keçmişin yadigarı olan daş abidələrimiz öz bədii və estetik xüsusiyyətlərinə görə fərqlənir. XV əsrin sonlarından XIX əsrin əvvəllərinə kimi Qarabağdakı qoç və at fiqurlu məzar daşları qədim türk tayfalarının ayinləri ilə əlaqədardır. Bu, məzar daşlarının üzərində oyma, yonma, cızma üsulları ilə icra olunan təsvir və yazıların məzmununun bədiiliyi, plastikliyi baxımından diqqəti cəlb edir. Bu cür təsvirli məzar daşlarına Laçın və Kəlbəcər rayonlarında daha çox rast gəlinir. Bu bölgədə daş qoç fiqurlarının özünəməxsus xüsusiyyətləri vardır və onlar çox uzaq keçmişin arxaik sənət nümunələrini xatırladır. Uzunluğu 80-90 sm, hündürlüyü 50-60 sm-dən böyük olmayan bu abidələr öz monumentallığı, formalarının ümumiləşdirilmiş icrası ilə diqqəti cəlb edir.