“Gilabi ceramics” mərkəzi 2020-ci ildə Balaxanıda aparılan abadlıq işləri çərçivəsində istedadlı keramika rəssamı Emin Ələkbərovun təşəbbüsü ilə yaranaraq qısa zamanda yerli bazarda lider mövqeyini qazanıb. Brend öz adını unikal gil növündən alıb ki, keçmişdə həmin gildən hətta paltar və baş yumaq üçün istifadə edilibmiş. Bu gün isə həmin materialdan hazırlanan məhsullar əsl sənət fenomeninə çevrilib. Hazırda brendin 3 mağazası – Balaxanı, Ramanı qəsəbələrində və şəhərin mərkəzində, 28 May küçəsində müştərilərin xidmətindədir. Müasir texnologiyaların məziyyətlərindən istifadə etməklə hazırlanan kolleksiyalar özündə Azərbaycan xalqının çoxəsrlik ənənələrini və müasirliyi harmonik şəkildə birləşdirərək çağdaş keramika sənətini layiqincə təmsil edir.